27 Noy 2020
268 baxış
Cəmiyyət

“Hər evdə koronavirusdan ölüm ola bilər” - Həkim-reanimatoloq Cavid Paşayev


Azərbaycan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev son həftələrdə koronavirusa yoluxma sayı artması ilə əlaqədar apa-ya müsahibə verib.
Sosialxeber.info Metbuat.az -a istinaden xəbər verir ki, O,ölkədə ümumi vəziyyət haqqında bunları bildirib.
- Ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət yaxşı deyil. Viruslu xəstələrin sayının daha da artacağı gözlənilir. Demək olar ki, artıq hər evdə koronavirusa yoluxmuş xəstə var. Hər gün yoluxan xəstələrin 10 faizinin ağırlaşdığını nəzərə alsaq, gələn həftədən gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək. Hesab edirəm ki, vəziyyətin nə qədər belə davam edəcəyini infeksionistlər dəqiqləşdirəcək. Gözlənilir ki, gələn həftədən etibarən xəstələrin sayı daha da artacaq.
Təəssüf ki, artıq xəstəxanalarda yer məhdudluğu yaranıb. Xəstəliyin bu qədər geniş yayılmasına baxmayaraq, hələ də bu virusa inanmayanlar var. Əvvəl "hər evdə koronavirusa yoluxan xəstə olacaq" deyə iddia edirdiksə, indi artıq deyə bilərik ki, hər evdə ölüm ola bilər. Peyvənd tapılana qədər, maska, məsafə və təmizliyə riayət etmək bizim həyat tərzimizə çevrilməlidir. Bütün bunlara əməl etsək, müəyyən qədər qarşısını ala bilərik. Vacib olmadığı halda, çölə çıxmamaq və kontaktda olmamaq lazımdır.
- İnsanlar testlərin informativliyinin aşağı olduğunu nəzərə alaraq KT etdirirlər. Xəstəliyi yüngül simptomla keçirən şəxslərin KT yoxlanışından keçməsinə ehtiyac var?
- Simptomsuz və ya yüngül simptomlu xəstələrin KT olunmasına ehtiyac yoxdur. Ancaq özünü təcrid etmək üçün test yoxlanışından keçməsi məqsədəuyğundur. Şikayət yoxdursa, KT-yə ehtiyac yoxdur.
- Siz koronavirusa yoluxanda KT yoxlanışında ağciyərin vəziyyəti necə idi?
- Mən yeni yoluxanda KT cavabında ağciyərin 99 faizi pnevmoniya göstərirdi. Xəstəxanadan çıxanda isə artıq ağciyərlərimin 80% düzəlmişdi, bəzi problemlər qalmışdı. Son KT müayinəsini noyabrın 11-də edirdim və indi ağciyərlərim tamamilə yaxşıdır.
- Yəni, koronavirusa yoluxmuş, xəstəliyi ağır keçirən şəxslərin ağciyəri tam sağala bilərmi?
- Bu, fərqlidir. Bu o demək deyil ki, bütün xəstələr tamamilə sağala bilir. Çünki ciyəri fibroza qədər gedən, ağırlaşan xəstələr olur ki, onların sağalması çətinləşir. Hazırda belə xəstələr çoxdur, onlar cihaza bağlı yaşayırlar.
- Buna səbəb həmin şəxslərin yanaşı xəstəliklərinin olmasıdır?
- Bu, bilinmir. Virus haqqında heç nə bilmirik. Əslində, biz deyirik ki, maska taxın, amma maska taxanda yoluxma olub-olmaması məlum deyil. Maska taxılsa da, xəstəliyə yoluxan insanlar var. Maskanın yoluxmaya təsiri varmı, bilmirik. Dəqiq deyil.
- Xəstəliyin gedişatı barədə nə düşünürsünüz? Nə qədər davam edə bilər?
- Bu virus mövsümlə olacaq, yəni yaz və payız aylarında orqanizm müqaviməti düşür, fəsil dəyişikliyi olur. Həmin vaxt xəstəliyə yoluxma sayı artacaq. Hazırda kimin COVID, kimin qripə yoluxduğunun bilinməməsi də problemdir . Ona görə peyvənd olması vacibdir. Bununla biz həkimlərin də işi azalır. Şikayətlər gəlir. Məsələn, kimsə qrip peyvəndi olduğu halda xəstələnsə, biləcəyik ki, bu, COVID-dir.
- Hazırda reanimasiyada olan xəstələrin sayı çoxdurmu və reanimasiya xəstələrindəki əsas problemlər nələrdir?
- Reanimasiyada olan xəstələr yaydakından daha çoxdur. Reanimasiyaya yerləşdirilən xəstələrin 99 faizində tənəffüs çatışmazlığı olur. Reanimasiyada olanlarda əsas problemi tənəffüs çatışmazlığının dərinləşməsidir.